ABŞ-də Prezident Donald Tramp administrasiyası bölgə məhkəməsinin məcburi saydığı təxminən 12 milyard dollarlıq xarici yardım ödənişinin dayandırılması üçün Ali Məhkəməyə müraciət edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı CNN məlumat yayıb.
Bildirilib ki, ABŞ Ədliyyə Nazirliyi, Vaşinqton Bölgə Məhkəməsinin xarici yardımların ödənilməsini məcburi edən qərarına etiraz edərək Ali Məhkəməyə şikayət edib.
Nazirliyin müraciətində, apellyasiya məhkəməsinə müraciət olunmasına baxmayaraq bölgə məhkəməsinin ödənişi qüvvədə saxlaması tənqid olunub və məhkəmənin özünü hökumətin xərcləmələri və ləğv təkliflərinə nəzarət edən orqan kimi təqdim etdiyi bildirilib.
Müraciətdə, bu yardımların ödənməsinin Tramp administrasiyasının xarici siyasətinə uyğun gəlmədiyi və zərər verdiyi qeyd edilərək, Ali Məhkəmədən 2 sentyabra qədər bu ödəmələrin dayandırılması tələb olunub.
Xatırladaq ki, Trump hökumətinin bu vəsaitləri dayandırmaq qərarından sonra, qlobal səhiyyə və HİV/AIDS proqramlarına ayrılmış milyardlarla dollarlıq yardım fondlarına çıxışı olan bir sıra qeyri-hökumət təşkilatları məsələ ilə bağlı məhkəməyə müraciət etmişdi.
Vaşinqton Bölgə Məhkəməsi, bu çərçivədə Trump administrasiyasının təxminən 12 milyard dollarlıq fondu ödəməsi qərarını vermiş, administrasiya isə bu qərarı apellyasiya etmişdi.
Lakin Apellyasiya Məhkəməsi, Konqresin təsdiqlədiyi xərcləmələrdə dəyişiklik etmək hüququnun yalnız qanunverici orqana aid olduğunu bildirib və QHT-lərin açdığı iddianın nəticəsinin hüquqi qüvvəsinin olmadığını açıqlamışdı.
Buna baxmayaraq, apellyasiya məhkəməsi məsələni hələ də qiymətləndirdiyi və ödənişin dayandırılması barədə qərar vermədiyi üçün bölgə məhkəməsinin Trump administrasiyasının əleyhinə olan qərarı qüvvədə qalmağa davam edir.