Taylandın paytaxtı Banqkokda lüks oteldə Vyetnam vətəndaşı olduğu bilinən 6 nəfər ölü tapılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paytaxt Banqkokun Pathum Van rayonundakı "Grand Hyatt Eravan" otelində günorta saatlarında 6 nəfərin cəsədi tapılıb.
Otel işçilərinin xəbəri ilə hadisə yerinə gələn polis qrupları ilkin araşdırmalar nəticəsində qrupun zəhərlənərək öldüyünü müəyyən ediblər.
Qrupun 7 nəfərlik oteldə rezervasiya etdiyi öyrənilərkən, polis araşdırmanı digər itkin şəxs üzərində cəmləşdirib.
Otel otağına baxış zamanı stolların üzərində qəhvə və çay fincanları olub, lakin hər hansı hücum faktı aşkar edilməyib.
Tayland polis rəisi Thiti Sanqsavang hadisə ilə bağlı mətbuata açıqlamasında təmizlik işçiləri tərəfindən otel otağında ölü tapılan 3 qadın və 3 kişinin Vyetnam vətəndaşları olduğunu təsdiqləyib və cəsədlərdə fiziki təsir əlamətlərinin olmadığını bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.