Azərbaycanlı döyüşçü Tahir Abdullayev noyabrın 21-də Qətərin paytaxtı Dohada keçiriləcək UFC Qatar turnirinin rəsmi çəkisindən keçə bilməyib.
Abdullayev tərəzidə 172 funt (78 kq) göstərib. O, yarımorta çəki dərəcəsinin limitini bir funt, təxminən 450 qram aşıb. Bu səbəbdən döyüşçü qonorarının bir hissəsini itirəcək.
Çəki limitini keçməsinə baxmayaraq, Abdullayevin avstraliyalı Ceyk Mettyusla döyüşü baş tutacaq. Mettyusun UFC-də 16 qələbəsi və səkkiz məğlubiyyəti var.
Bu il UFC ilə müqavilə imzalayan Abdullayev iyunun 27-də Bakıda keçirilən “UFC Fight Night” turnirində debüt edib. O, braziliyalı Cefferson Nasimentonu üçüncü raundda nokautla məğlub edərək təşkilatda ilk qələbəsini qazanıb.
Kontekst
Noyabrın 19-da Abdullayev Mettyusla döyüşə Bakıdakı qələbəsindən sonra yüksək əhval-ruhiyyə ilə hazırlaşdığını deyib. O, rəqibinin ayaqüstü döyüşməyi və açıq mübarizəni sevdiyini, bu üslubun özünə uyğun olduğunu bildirib.