Sülh Şurasının nümayəndələri Qəzza zolağında yeni limanın tikintisi imkanlarını müzakirə ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, aparıcı qlobal liman operatorlarından olan BƏƏ-nin "DP World" şirkəti ilə Qəzzada və ya yaxınlıqdakı Misir sahillərində yeni limanın inşası məsələsi müzakirə olunub. Mənbələrin sözlərinə görə, danışıqlarda həmçinin müharibədən zərər çəkmiş sektorda azad ticarət zonasının yaradılması ehtimalı da nəzərdən keçirilib.
Qeyd olunub ki, anklavın gələcəyi ilə bağlı bu müzakirələr ABŞ rəsmilərinin “yeni Qəzza”nın formalaşdırılması ilə bağlı planları ilə üst-üstə düşür. Bu planlara Fələstin ərazisində xidmət və infrastruktur sahələrinin əhəmiyyətli hissəsinin özəlləşdirilməsi də daxildir.
FT tərəfindən əldə edilən layihə təklifinə əsasən, "DP World" şirkəti “təhlükəsiz və izlənilə bilən təchizat zənciri sistemi” ilə yanaşı, liman əsaslı iqtisadi ekosistem yaratmağı planlaşdırır. Bu çərçivədə yüngül istehsal sənayesi və məşğulluq yaradan ticarət platformalarının inkişafı da nəzərdə tutulur.
Xatırladaq ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh nizamlanmasına dəstək məqsədilə yaradılan Sülh Şurasının Nizamnaməsi 19 ölkənin nümayəndələri tərəfindən imzalanıb. Vaşinqton daha sonra digər dövlətlərin də bu təşəbbüsə qoşulduğunu açıqlayıb. Bildirilir ki, Sülh Şurası İsrail və HƏMAS arasında əldə olunmuş razılaşmaya uyğun olaraq formalaşdırılıb və gələcəkdə digər regionlardakı münaqişələrin həllinə də töhfə verməsi gözlənilir.