Bakıda axşam saatlarından etibarən müşahidə olunan güclü külək şəhər təsərrüfatına ziyan vurub. Saat 12:00-a olan məlumata görə, paytaxt ərazisində 37 ağac sınıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına əsasən, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi açıqlama verib. Qeyd olunub ki, külək nəticəsində əlavə olaraq 23 ağacın budaqları qırılıb.
Bildirilib ki, Birliyin əməkdaşları operativ şəkildə əraziyə cəlb olunub, sınmış ağaclar və qırılmış budaqlar yığılaraq müvafiq sahələrdən götürülür, ərazilərdə təmizlik işləri aparılır.
Qurumdan verilən məlumata görə, hazırda şəhər üzrə təhlükəsizlik tədbirləri gücləndirilib. Qeyri-sabit hava şəraitinin fevralın 7-dək davam edəcəyi xatırladılır.