"ABŞ-Meksika sərhədində inşa edilən divarın tikintisi başa çatmaq üzrədir və layihənin 2027-ci ildə tamamlanması gözlənilir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin deyib.
Mallin bildirib ki, işlər plan üzrə davam edərsə, 2027-ci ilin bu vaxtına qədər Sakit okeandan Amerika körfəzinədək uzanan əsas sərhəd divarının tikintisi yekunlaşacaq.
Onun sözlərinə görə, sərhəddə əsas və ikinci dərəcəli divarlardan ibarət sistem yaradılır. Bu divarlar bəzi ərazilərdə bir-birindən 18–46 metr məsafədə yerləşəcək. Sistem divarlarda və yeraltında quraşdırılan sensorlarla təchiz olunacaq.
Nazir əlavə edib ki, sərhədi qanunsuz keçməyə çalışan şəxslərin izlənməsi və yerinin müəyyənləşdirilməsi üçün pilotsuz uçuş aparatlarından da istifadə ediləcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın tikintisini ilk dəfə 2016-cı il prezident seçkiləri kampaniyası zamanı əsas vədlərindən biri kimi irəli sürmüşdü.