ABŞ-nin Kaliforniya, Nyu-York və Vaşinqton ştatlarında yaşayan üç istehlakçının adından dünya şöhrətli “Starbucks” qəhvəxanalar şəbəkəsinə qarşı kollektiv məhkəmə iddiası qaldırılıb. İddia ərizəsində şirkətin “şəkərsiz” etiketi altında təqdim etdiyi vanil və karamel dadlı isti və soyuq proteinli lattelərin, eləcə də proteinli matça içkilərinin tərkibində bir porsiya üçün 13–21 qram şəkərin olduğu bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iddiaçılar məhsulların adlandırılmasında istehlakçıların çaşdırıldığını və "şəkərsiz" kimi markalanan içkilərdə bu həcmdə şəkərin olmasının yolverilməzliyini vurğulayırlar.
İstehlakçı hüquqları üzrə vəkil Stiv Berman diqqətə çatdırıb ki, bu cür yanlış etiketləmə sağlamlıq problemləri, xüsusən şəkərli diabet və qanda şəkərin səviyyəsinə nəzarət edən şəxslər üçün ciddi risk yaradır.
“Starbucks” rəhbərliyi isə ittihamları qətiyyətlə rədd edərək istehlakçıların yanıltılmadığını bəyan edib. Şirkətin açıqlamasına görə, menyularda, rəsmi internet saytında və mobil tətbiqdə məhsulların qida dəyəri barədə tam və dəqiq məlumatlar yer alır. "Starbucks" rəsmiləri bildirirlər ki, içkilərdəki şəkər əlavə olunmuş şəkərdən deyil, təbii tərkibli proteinlə zənginləşdirilmiş süddən qaynaqlanır, dadlandırma üçün isə yalnız şəkərsiz siroplardan istifadə olunur.
Qeyd edək ki, iddiaçılar ABŞ üzrə bu içkiləri əldə etmiş bütün istehlakçılara kompensasiya ödənilməsini, eləcə də məhkəmə qərarı ilə tərkibində təbii şəkər olan məhsullarda “şəkərsiz” etiketinin istifadəsinə qadağa qoyulmasını tələb edirlər.