ABŞ Avropadakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirə və Böyük Britaniya, İspaniya və İtaliyada yerləşən hərbi kontingentini azalda bilər.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, Müttəfiq Qüvvələrinin Avropadakı keçmiş Ali Komandanı Ceyms Stavridis bildirib ki, Almaniyadan başqa, ABŞ-nin Böyük Britaniya, İspaniya və İtaliyadakı bazalara tam çıxış məsələsində yaranan narazılıqlar Vaşinqtonun müttəfiqləri ilə münasibətlərinə təsir göstərir və bu, daha genişmiqyaslı dəyişikliklərin başlanğıcı ola bilər.
Onun sözlərinə görə, mümkün dəyişikliklər İspaniyanın Rota limanındakı döyüş gəmilərinə, İtaliyada yerləşən 173-cü Hava-Desant Briqadasına və Böyük Britaniyadakı hava eskadrilyalarına da təsir göstərə bilər.
Stavridis qeyd edib ki, Avropada ABŞ qoşunlarının sayının azaldılması qitə ölkələrini müdafiə xərclərini artırmağa və Avropa İttifaqında hərbi potensialın gücləndirilməsini sürətləndirməyə məcbur edəcək. Bununla yanaşı, NATO və Aİ daxilində ABŞ-nin təsirinin zəifləməsi ehtimalı da ortaya çıxa bilər.
Keçmiş komandanın fikrincə, ABŞ qoşunlarının xaricdə yerləşdirilməsi müəyyən maliyyə xərcləri yaratsa da, onların geri qaytarılması daha yüksək xərclərə səbəb ola bilər. O, bu səbəbdən xaricdəki hərbi mövcudluğun ümumilikdə daha faydalı olduğunu vurğulayıb və hər hansı qərarın müttəfiqlərlə məsləhətləşmələrdən sonra verilməsinin vacibliyini qeyd edib.