ABŞ və Meksika narkotiklərin qaçaqmalçılığına və bu fəaliyyətlə bağlı mütəşəkkil cinayətkar qruplaşmalara qarşı birgə mübarizəni gücləndirmək barədə razılığa gəliblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Tommi Piqqot ABŞ dövlət katibi Marko Rubio ilə Meksikanın xarici işlər naziri Xuan Ramon de la Fuente arasında aparılan danışıqlardan sonra açıqlama verib.
Piqqotun sözlərinə görə, tərəflər görüş zamanı ortaq təhdidlərin daha qətiyyətli əməkdaşlıq və real nəticələr tələb etdiyini vurğulayıblar.
“Narkoterror şəbəkələrinin ifşası, ümumi sərhədimiz boyunca fentanilin, digər narkotiklərin və silahların qaçaqmalçılığının əhəmiyyətli dərəcədə azaldılması uğrunda mübarizə təcili və dərhal konkret addımlar tələb edir”, — deyə o, “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində Latın Amerikasında narkokartellərə qarşı quru əməliyyatlarına keçiləcəyini bəyan etmişdi.
Tramp narkokartellərin faktiki olaraq Meksikanı idarə etdiyini iddia edib və ABŞ-nin Meksikadakı kartel obyektlərinə zərbələr endirməsini də istisna etməyib.