ABŞ və Ekvador silahlı qüvvələri regionda narkotik ticarəti ilə məşğul olan qruplaşmalara qarşı birgə hərbi əməliyyatlara başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Pentaqonun Cənub Komandanlığı "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.
Məlumata görə, əməliyyatların əsas məqsədi narkoterrorizmlə mübarizə aparmaq və regionda zorakılıq, terror və korrupsiyaya şərait yaradan strukturları zərərsizləşdirməkdir.
Pentaqon rəsmiləri bildiriblər ki, bu addımlar Latın Amerikası və Karib hövzəsindəki tərəfdaşların cinayətkar qruplaşmalara qarşı qətiyyətli mübarizəsinin göstəricisidir.
ABŞ-nin Cənub Komandanlığının rəhbəri, general Frensis L. Donovan Ekvador hərbçilərinin cəsarətini yüksək qiymətləndirib:
"Biz Ekvador silahlı qüvvələrinin narkoterrorçulara qarşı nümayiş etdirdiyi qətiyyəti və sarsılmaz mübarizə əzmini alqışlayırıq".
Qeyd edək ki, ötən ilin sentyabr ayında ABŞ Dövlət Departamenti Ekvadorun iki ən böyük karteli olan "Los Lobos" və "Los Choneros" qruplaşmalarını xarici terror təşkilatları siyahısına daxil edib. Eyni zamanda, Ekvador Müdafiə Nazirliyi də narkokartellərə qarşı əməliyyatların yeni mərhələsinə keçildiyini bəyan edib.