Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb. Məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəsmi "X" sosial şəbəkə hesabında yayımlayıb.
Paylaşımda qeyd olunub ki, Nikol Paşinyan söhbət əsnasında Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Tərəflər həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi və regional gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Prezident Ərdoğan normallaşma prosesinin birbaşa ticarətin başladılması istiqamətində atılan addımlarla davam etdiyini vurğulayıb. Eyni zamanda, Türkiyənin bölgədə sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirdiyi və bu məqsədlə atılacaq addımları dəstəklədiyi bildirilib.