"Əlbəttə, bu məsələ çox üzücü, narahatedici və düşündürücü prosesdir. Bəzən konfliktlərin kökü, səbəbi, motivləri bilinməyəndə o çoxlu suallar çıxardır ortaya. Azərbaycanla da Türkiyə arasında indi belə bir hal baş verir: biz bu prosesləri çox belə dərin təəssüf hissi ilə izləyirik. Və hesab edirik ki, iki ölkə arasında, qonşular arasında, dostlar arasında da bəzən fikir ayrılıqları, anlaşılmazlıqlar, ziddiyyətlər ola bilir və onu çox rahat, səmimi bir şəkildə həll eləmək mümkündür".
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmli bildirib.
Professor fikirlərini belə davam etdirib:
"Amma indiki halda bu narazılığın və anlaşılmazlığın mediaya sıçraması, sosial şəbəkələrdə ləyaqətsiz bir tərzdə şərh olunması, yanaşmaların özünü göstərməsi çox biabırçıdır. Ona görə bu prosesin çox tez bir zamanda yekunlaşmasını arzulayırıq. Və hesab edirəm ki, hər iki tərəfdən olduqca bədniyyətli addımlar atılır, cahillər ön plandadır. Və bu, çox üzücü haldır. Sadəcə, biz arzulayırıq ki, bu proses çox tez yekunlaşsın və elan elədiyimiz 'bir millət, iki dövlət' prinsipi sözün həqiqi mənasında və layiqli bir şəkildə yenidən dövriyyəyə qayıtsın".