Bu gün səhər saatlarında Siyəzən rayonunun Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərində işləyən 7 müəllim qəzaya düşüb.
Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-yə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, onlardan 2 nəfəri hadisə yerində dünyasını dəyişib. Digər 5 müəllim isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib:
"Qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin! Yaralı müəllimlərimizə isə şəfa diləyirik!" - məlumatda qeyd edilib.
09:47***
Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-yə qurumdan bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.
09:35***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Beşdam kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
"Operativ Məlumat Mərkəzi - OMM" FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “Opel” markalı minik avtomobili toqquşub, 8 nəfər avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
09:22 ***
Siyəzəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-yə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Hadisə Bakı-Quba yolunun 99-cu km-də qeydə alınıb. "Mercedes Vita" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Mercedes"də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.