Səudiyyə Ərəbistanının şərqində yerləşən Dhahran şəhərində “Saudi Aramco”nun qərargahındakı inzibati binaya çərşənbə axşamı gecə hücum edilib. Energetika Nazirliyinin çərşənbə günü yaydığı məlumata görə, hadisə nəticəsində məhdud yanğın baş verib.
“Reuters”ə danışan mənbə ofis qülləsinin vurulduğunu və binanın yuxarı üç mərtəbəsinin zərər gördüyünü bildirib. Hücum zamanı xəsarət alan olmayıb.
Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, Dhahran və Ər-Riyadda raket və pilotsuz uçuş aparatları ələ keçirilib. Onların qalıqlarının yaşayış məntəqələrinə düşməsi paytaxtda dörd nəfərin yaralanmasına və 15 evə ziyan dəyməsinə səbəb olub.
“Anadolu” agentliyinin məlumatında Ər-Riyadda iki qanadlı raketin qalıqlarının düşməsi nəticəsində xəsarət alanların iki qadın, bir kişi və bir uşaq olduğu qeyd edilib. Səudiyyə Ərəbistanının Mülki Müdafiə qurumu raketlərin Yəməndəki husilər tərəfindən buraxıldığını və çərşənbə axşamı ələ keçirildiyini bildirib. Hadisədən sonra təcili tədbirlər görülüb.
Hücumlar Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi husilər arasında döyüşlərin intensivləşdiyi vaxt baş verib.