Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı hərbi əməliyyatların daha altı ay davam edə biləcəyini düşünür. Ər-Riyad danışıqlara başlamazdan əvvəl Yəməndəki müttəfiqlərinin döyüş meydanında irəliləməsini istəyir. Bu barədə Səudiyyə rəsmilərinin planları ilə tanış olan şəxslərə istinadən “AnewZ” yazır.
Özəl müzakirələr barədə danışdıqları üçün adlarının açıqlanmasını istəməyən iki Qərb rəsmisi bildiriblər ki, Səudiyyə rəsmiləri hərbi kampaniyanın daha altı ay çəkə biləcəyini düşünür. Səudiyyənin mövqeyi ilə tanış olan üçüncü mənbə də onların dediklərini təsdiqləyib. Hər üç mənbənin sözlərinə görə, İranın da iştirak etdiyi daha geniş münaqişəni bitirəcək razılaşma Yəməndəki döyüşlərin dayandırılmasına da kömək edə bilər.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin rəsmisi Səudiyyə rəsmilərinə aid edilən fikirləri şərh etməkdən imtina edib.
Ər-Riyad ABŞ-ın dəstəyinə ümid edir
Üçüncü mənbənin sözlərinə görə, Ər-Riyad ABŞ-ın hücum xarakterli hərbi dəstəyinin münaqişənin gedişini öz xeyrinə dəyişə biləcəyinə və Səudiyyənin dəstəklədiyi qüvvələrin bir neçə həftə ərzində ciddi irəliləyiş əldə etməsinə imkan yaradacağına inanır. Lakin ABŞ Prezidenti Donald Trampın administrasiyası indiyədək belə dəstək verməyib.
Yəməndə yenidən başlayan döyüşlər İranın da iştirak etdiyi daha geniş münaqişənin ən fəal cəbhəsinə çevrilib. Minlərlə insan həlak olub və ya yaralanıb, yüz minlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Münaqişə Səudiyyə Ərəbistanının neftdənkənar sahələrə investisiya cəlb etmək və böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək planlarına da zərbə vurub.
Husilər strateji ərazilərə nəzarəti ələ keçirib
Səudiyyə Ərəbistanı 2015-ci ildə husilər paytaxt Sənanı və ölkənin böyük hissəsini ələ keçirdikdən sonra hökuməti bərpa etmək məqsədilə ərəb koalisiyasına rəhbərlik edərək Yəmənə müdaxilə edib.
Müharibə sonradan qanlı dalana dirənib. 2022-ci ildə əldə olunan atəşkəs, bu yay döyüşlər yenidən başlayana qədər, əsasən qüvvədə qalıb.
O vaxtdan bəri husilər Səudiyyənin dəstəklədiyi qüvvələrdən Qırmızı dəniz sahillərini və strateji Bab əl-Məndəb boğazını ələ keçiriblər. Həmçinin Yəmən hökumətinin müvəqqəti paytaxtı olan cənub sahilindəki Ədənə baxan dağlıq Taiz şəhərini mühasirəyə alıblar.
Yəmən hökumət qüvvələri ötən ay əks-hücuma keçərək boğaz ətrafındakı əraziləri geri alıblar. Lakin həftəsonu Ədəni müdafiə etmək üçün geri çəkilməyə məcbur olduqları zaman ciddi uğursuzluqla üzləşiblər.
Qərb rəsmilərindən birinin sözlərinə görə, Səudiyyə və Yəmən qüvvələri husilərin Ədən istiqamətində irəliləməsinin qarşısını almaq üçün yenidən qruplaşır. Hərbi planlaşdırıcılar həmçinin qüvvələrinin məhdud irəliləyiş əldə etdiyi və ya mövqelərini qoruyub saxlaya bildiyi şərq istiqamətində hücuma keçməyi nəzərdən keçirirlər.
Bazar ertəsi Səudiyyə Ərəbistanı ölkənin rəhbərlik etdiyi koalisiyanın komandanının dəyişdirildiyini açıqlayıb. Yəmən hökumətinin planları ilə tanış olan iki nəfər isə ölkənin hərbi rəhbərliyində daha geniş dəyişikliklərin də gözlənildiyini bildirib.
Döyüşlər Səudiyyə Ərəbistanında gündəlik həyata təsir edir
Ər-Riyad əvvəllər münaqişəni əsasən Yəmən müharibəsi kimi təqdim etməyə çalışırdı: krallıq yerli müttəfiqlərinə dəstək verdiyini və sərhəddən gələn hücumlardan müdafiə olunduğunu, birbaşa iştirakçı olmadığını bildirirdi. Lakin husilərin Səudiyyənin böyük şəhərlərinə dəfələrlə zərbə endirməsi bu mövqeni qorumağı çətinləşdirib.
Ötən həftə hücum nəticəsində Səudiyyənin dövlət neft şirkəti “Aramco”nun Ər-Riyaddakı qərargahında böyük dəlik yaranıb. Ər-Riyad hava limanını hədəf alan ölümcül zərbələr isə oktyabr ayından bəri hava limanının əksər uçuşlar üçün bağlanmasına səbəb olub.
Hücumlar Səudiyyə Ərəbistanını ölkənin əsas tədbirlərindən olan Gələcəyə İnvestisiya Təşəbbüsü konfransı da daxil olmaqla, yüksək səviyyəli beynəlxalq tədbirləri ləğv etməyə və ya təxirə salmağa məcbur edib. Krallığın qlobal idman məkanına çevrilmək planlarının mühüm hissəsi olan AFC Asiya Kuboku isə 2027-ci ilin yanvarından dekabrına keçirilib.
Münaqişə ölkə daxilində gündəlik həyata daha çox təsir etdikcə, Səudiyyə rəsmiləri müharibə barədə dövlət mediasında və məscidlərdə daha açıq danışmağa başlayıblar. Ötən aydan etibarən hakimiyyət orqanları hücumlar barədə əvvəlcədən müntəzəm xəbərdarlıqlar, ardınca isə daha ətraflı ictimai məlumatlar yayır. Əvvəllər rəsmi məlumatlar məhdud olurdu.
Hücum yerlərinin görüntülərinin paylaşılmasını qadağan edən qanunlar qüvvədə qalsa da, rəsmilər zərərin miqyasını ictimaiyyət qarşısında etiraf etməyə daha çox meyil göstərirlər. “Aramco”nun qülləsinə zərbə endirildikdən iki gün sonra Ər-Riyad qubernatorunun müavini əraziyə baş çəkib, dövlət mediası isə dağıntıları göstərən görüntülər yayımlayıb.
Cümə xütbələrinin mövzularını müəyyən edən hökumət münaqişəni dini çıxışların da gündəminə gətirib. Bəzi xütbələrdə evlilik və mehriban qonşuluq kimi ənənəvi mövzular əvəzinə birbaşa müharibədən danışılır.
Ötən cümə Ər-Riyadın böyük məscidlərindən birində xütbənin hamısı husilərə qarşı döyüşlərə həsr olunub. İmam döyüşçülərə “qələbə və ya şəhidlik” arzulayıb, krallığın cənub sərhədində xidmət edən Səudiyyə hərbçiləri üçün dua edib: “Allahım, onların nişan almasını doğru et, ayaqlarını möhkəmləndir və onlara düşmənçilik edənlər üzərində qələbə ver”.