Şanxay Əməkdaşlıq Təşkilatının ( ŞƏT ) sammitində Tyanjin Bəyannaməsi qəbul edilib. Xüsusilə, idmançıların beynəlxalq arenadakı mövqeyinə diqqət yetirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"İdman sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışan üzv dövlətlər idman yarışlarında iştirak üçün maneələrin aradan qaldırılmasının vacibliyini qeyd ediblər. Böyük beynəlxalq idman yarışları sülh, qarşılıqlı anlaşma və beynəlxalq əməkdaşlıq, heç bir əsasda ayrı-seçkilik olmadan dostluq və tolerantlıq ruhunda təşkil edilməlidir", - Rusiya Olimpiya Komitəsinin mətbuat xidməti sənədin mətnindən sitat gətirir.
Bəyannamədə həmçinin bildirilir ki, ŞƏT-ə üzv ölkələr ŞƏT-in İdman Təşkilatları Assosiasiyasının bədən tərbiyəsi və idman üzrə işçi qrupunun yaradılması məsələsi üzərində işi davam etdirəcəklər. Sammit iştirakçıları təşkilat ölkələrindən idmançıların dəvət olunacağı yarışların Rusiyada keçirilməsi imkanlarını müzakirə ediblər. Bundan əlavə, 2026-cı ildə ŞƏT Açıq Kubokunun keçirilməsi təklifi irəli sürülüb. “ŞƏT Plus” iclasında iştirak edən ölkələrin nümayəndə heyətləri Vladimir Putindən bu il noyabrın 5-7-də Samarada keçiriləcək “Rusiya – İdman Gücü” forumuna dəvət alıblar.