Səudiyyə Ərəbistanı və Fransa İranın nüvə proqramı ilə bağlı diplomatik həll yolunun tapılmasının vacibliyini vurğulayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Parisdə keçirilən danışıqların ardından iki ölkə birgə bəyanat yayıb. Tərəflər İranın nüvə fəaliyyətlərinin yalnız dinc məqsədlərə xidmət etməsinə zəmanət verəcək razılaşmaya sadiq qaldıqlarını bildiriblər.
Bəyanatda İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) ilə tam əməkdaşlığı bərpa etməsinin zəruriliyi vurğulanıb.
Səudiyyə Ərəbistanı və Fransa həmçinin Hörmüz boğazında gəmiçilik marşrutlarının normal fəaliyyətinin bərpa edilməsini qlobal təhlükəsizlik baxımından mühüm amil kimi qiymətləndiriblər.
Qəzza məsələsinə toxunan tərəflər bölgədə davamlı atəşkəsin təmin edilməsinə və humanitar yardımların əhaliyə maneəsiz çatdırılmasına çağırıblar.
Livanla bağlı isə iki ölkə dövlət strukturlarından kənar silahlı qruplaşmaların tərksilah edilməsinin və ölkədə hərtərəfli siyasi həllə nail olunması istiqamətində səylərin gücləndirilməsinin vacibliyini qeyd edib.