Türkiyənin paytaxtı Ankarada keçirilən NATO Zirvəsi beynəlxalq təhlükəsizlik gündəliyinin əsas mövzularından birinə çevrilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Avropa mərkəzli "Visegrad Insight" platformasında yayımlanan təhlildə zirvənin yalnız diplomatik görüş deyil, həm də Rusiyanın mümkün təxribatlarına qarşı strateji əhəmiyyət daşıyan toplantı olduğu qeyd olunub.
Məlumata görə, "Visegrad Insight"ın redaktoru Voytsex Pşibilskinin hazırladığı analitik yazıda Rusiyanın NATO-ya qarşı mübarizəsinin artıq yalnız ənənəvi hərbi üsullarla məhdudlaşmadığı bildirilib.
Bildirilib ki, informasiya müharibəsi və psixoloji əməliyyatlar müasir qarşıdurmalarda əsas vasitələrdən birinə çevrilib. Analizdə Rusiyanın əsas məqsədləri sırasında NATO ölkələrində ictimai rəyi təsirləndirmək, siyasi qütbləşməni artırmaq və alyansa olan inamı zəiflətmək göstərilib.
Qeyd olunub ki, Ankara Zirvəsi bu baxımdan təkcə təhlükəsizlik məsələlərinin müzakirə edildiyi platforma deyil, həm də Rusiyanın "bilişsel müharibə" strategiyasına qarşı ortaq mövqenin nümayiş etdirildiyi görüş kimi qiymətləndirilir.
Məlumata əsasən, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Rusiyanın zirvə zamanı təxribat törədə biləcəyi ilə bağlı xəbərdarlığı da diqqət çəkib. Kəşfiyyat məlumatlarına əsaslanan bu açıqlamanın NATO ölkələrini kibertəhlükəsizlik və informasiya müdafiəsi sahəsində tədbirləri gücləndirməyə sövq etdiyi bildirilib.
Ekspertlərin fikrincə, Moskvanın əsas məqsədi birbaşa hərbi qarşıdurmadan daha çox NATO daxilində fikir ayrılıqları yaratmaq və qərarvermə proseslərini çətinləşdirməkdir.
Qeyd edilib ki, Türkiyənin belə mühüm mərhələdə NATO Zirvəsinə ev sahibliyi etməsi Qərb üçün strateji əhəmiyyət daşıyır. Zirvədən veriləcək mesajların yalnız alyans üzvləri üçün deyil, Avropanın gələcək təhlükəsizlik arxitekturası baxımından da mühüm rol oynayacağı vurğulanıb.