Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) iştirakını hələlik davam etdirəcək.
“Operativ Məlumat Mərkəzi–OMM”-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa işləri departamentinin direktoru Vladislav Maslennikov TASS agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanı beynəlxalq arenada təcrid etməyə çalışan Qərb ölkələri Moskvanın ATƏT-dəki iştirakını azaltacağını gözləyir. Maslennikov qeyd edib ki, Rusiya bu cür çağırış və təxribatlara uymayacaq. Diplomat xatırladıb ki, xarici işlər naziri Sergey Lavrov da Rusiyanın ATƏT-də qalmasının səbəbinin hər hansı illüziyalara bağlanmaq deyil, praqmatik yanaşma olduğunu vurğulayıb.
Maslennikov ATƏT-i “özünü nüfuzdan salmış Avro-Atlantik təhlükəsizlik konsepsiyasının bir hissəsi” kimi xarakterizə edib. Bununla belə, onun fikrincə, təşkilat çərçivəsində Rusiyanın mövqeyini bölüşən və ortaq maraqlar naminə əməkdaşlığa hazır olan ölkələrin səsi hələ də eşidilə bilər.
O əlavə edib ki, bəzi dövlətlər digər platformalarda Rusiya ilə təmasdan çəkinsələr də, ATƏT-də Vyana platforması vasitəsilə Moskvanın mövqeyini dinləyirlər.
Eyni zamanda, Maslennikov bildirib ki, ATƏT-də mövcud problemlərin həlli üçün yalnız “fasad təmiri” kifayət deyil. O, Qərb tərəfdaşlarını təşkilatın yaşaması və effektiv fəaliyyəti naminə onun fundamental prinsiplərinə əməl etməyə çağırıb.