Rusiya Müdafiə Nazirliyi Ukraynada yanacaq və enerji infrastrukturu, hərbi sənaye müəssisələri, həmçinin limanlara zərbələr endirdiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Rusiya MN açıqlama yayıb.
Açıqlamada Rusiya ordusunun Ukraynadakı son əməliyyatları barədə məlumat verilib.
Bildirilib ki, gecə saatlarında Ukraynanın yanacaq, enerji və hərbi sənaye obyektləri, eləcə də limanlarına silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirilib.
Nazirlik Kiyevdə qanadlı raketlər istehsal edən “Fire Point” zavodunun, PUA istehsal edən “Aerobavovna” müəssisəsinin, dəmir yolu nəqliyyatı infrastrukturuna aid “Darnitsa” lokomotiv deposunun vurulduğunu bildirib.
Kiyev vilayətində isə pilotsuz dəniz vasitələrinin istehsal edildiyi emalatxananın və neft terminalının hədəfə alındığı qeyd olunub.
Açıqlamaya görə, Odessa şəhəri və Odessa vilayətində də bir sıra obyektlərə zərbələr endirilib.
Odessa limanında Qərb ölkələri tərəfindən Ukraynaya verilən silah və hərbi texnikanın saxlanıldığı anbarların, yanacaq çənlərinin, Çornomorsk limanında hərbi anbarların vurulduğu bildirilib.
Həmçinin limanların fəaliyyətini təmin edən elektrik stansiyasının və üç transformator yarımstansiyasının, PUA yığım emalatxanasının, eləcə də Orlovka sərhəd-keçid və bərə məntəqəsinin hədəfə alındığı açıqlanıb.
Rusiya Müdafiə Nazirliyi zərbələrin nəticələri ilə bağlı əlavə məlumat verməyib.