Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Yaponiya arasında planlaşdırılan hərbi təlimlərlə bağlı Yaponiyaya rəsmi etirazını bildirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə Moskvanın Yaponiyanın bu addımını qəbuledilməz hesab etdiyini açıqlayıb.
Diplomatın sözlərinə görə, Yaponiya tərəfinə Rusiyanın şərq sərhədləri yaxınlığında təxribat xarakterli hərbi fəaliyyətlərin yolverilməz olduğu bildirilib. Zaxarova bu cür addımların regionda hərbi-siyasi vəziyyəti daha da gərginləşdirdiyini vurğulayıb.
Rusiya tərəfi həmçinin Yaponiyaya xəbərdarlıq edib ki, hərbi təlimlər adı altında ölkə ərazisində ABŞ silahlarının yerləşdirilməsi baş verərsə, Moskva adekvat və kompensasiyaedici tədbirlər görəcək.
Zaxarova əlavə edib ki, militarist Yaponiyanın keçmişdə törətdiyi cinayətlərin araşdırılması və bu barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində işlər davam etdiriləcək.