İspaniyanın "Real Madrid" klubu uzun illərdən sonra yenidən Niderland bazarından oyunçu transfer etməyə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi İtaliyanın "İnter" klubunun sağ cinah müdafiəçisi Denzel Dümfrisi heyətinə qatmaq üçün danışıqları yekunlaşdırmaq üzrədir.
Tərəflər arasındakı anlaşmaya əsasən, 30 yaşlı futbolçunun transferi "Real Madrid"ə 20 milyon avroya başa gələcək.
Dümfrisin özünün də ispan klubuna keçməyə razılıq verdiyi bildirilir. Yaxın günlərdə transferin rəsmən elan ediləcəyi gözlənilir.
Xatırladaq ki, "kral klubu" 2006-2009-cu illər aralığında heyətinə beş niderlandlı futbolçu cəlb etmişdi, lakin onların heç biri gözləntiləri doğrultmamışdı. Bu uğursuz təcrübədən sonra Madrid təmsilçisi uzun müddət bu ölkənin oyunçularından uzaq durmuşdu.
Sonuncu dəfə "Real Madrid" 2009-cu ilin əvvəlində "Ayaks"dan Klaas-Yan Hunteları transfer etmişdi. İndi isə 17 illik fasilədən sonra bu ənənənin pozulması gözlənilir.