Ukrayna Prezidenti Volodimir Zelenski Qara dənizdə, Rumıniyanın ərazi sularından kənarda Türkiyəyə məxsus mülki yük gəmisinə iki Rusiya dronunun zərbə endirdiyini iddia edib. Onun sözlərinə görə, hadisə nəticəsində gəminin kapitanı ölüb, bir nəfərin taleyi məlum deyil, 11 heyət üzvü isə xilas edilib. Xilas olunanlardan biri xəsarət alıb.
Zelenski oktyabrın 5-də “X” sosial şəbəkəsində gəminin qarğıdalı daşıdığını, heyət arasında Azərbaycan və Hindistan vətəndaşlarının olduğunu yazıb.
Rumıniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, gəmidə yanğın baş verib və sonradan gəmi batıb. Rumıniya Dəniz Administrasiyası gəmini “Royad Mammadov” kimi tanıdıb. Rumıniya rəsmiləri yanğının səbəbini açıqlamayıb.
“Reuters”in istinad etdiyi gəmi izləmə məlumatlarında gəminin Sent-Kits və Nevis bayrağı altında üzdüyü, İtaliyanın Ravenna limanına qarğıdalı apardığı göstərilib. Gəmi daha əvvəl Ukraynanın İzmail limanına daxil olub.
Rumıniya mediası hadisənin “OMV Petrom” şirkətinin idarə etdiyi dəniz platformasının yaxınlığında baş verdiyini yazıb. Şirkət yerli mediaya platformanın normal işlədiyini bildirib.
Rusiya hadisə ilə bağlı irəli sürülən iddiaya oktyabrın 5-dək cavab verməyib. Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi gündəlik bülletenində Rusiya qüvvələrinin iki yük gəmisinə zərbə endirdiyini bildirib.
Zelenski Qara dənizdə təhlükəsizliyə çağırıb
Zelenski Ukraynanın Qara dənizdə gərginliyin azaldılması və təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün konkret addımlar təklif etdiyini deyib. O, beynəlxalq ictimaiyyəti ərzaq təhlükəsizliyi və dəniz ticarətinin qorunması üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.
Qara dəniz Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan bəri taxıl ixracı üçün mühüm marşrut olaraq qalır. Ukrayna ilə 614 kilometrlik sərhədi olan NATO üzvü Rumıniya bu ərazidə gəmiçilik marşrutları yaxınlığında dron və dəniz minaları ilə bağlı hadisələr barədə dəfələrlə məlumat verib.
Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar oktyabrın 5-də ölkəsinin Rusiya və Ukrayna ilə regiondan taxıl və yanacaq daşımalarının təhlükəsizliyini təmin etmək üçün müzakirələr apardığını bildirib.
Ukraynanın digər bölgələrində hücumlar
Qara dənizdəki hadisə ilə eyni vaxtda Ukraynanın şimal-şərqində yerləşən Xarkov şəhərində Rusiya idarəolunan bombasının zərbəsi nəticəsində üç nəfər ölüb, 25 nəfər yaralanıb. Şəhərin meri İqor Terehov yaşayış binalarına və anbarlara ziyan dəydiyini bildirib.
Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Martin Yeger parlamentdəki dinləmədə Rusiyanın Avropa ilə qarşıdurmasının “daha təhlükəli yeni mərhələyə” keçdiyini deyib. O, Rusiyanı Avropa demokratiyalarına qarşı dron və kiberhücumlar da daxil olmaqla hibrid əməliyyatlar aparmaqda ittiham edib.
Yeger NATO ərazisinə yaxın zamanda genişmiqyaslı Rusiya hücumunun əlamətlərinin olmadığını, lakin Baltik regionunda daha məhdud hərbi fəaliyyətlərin mümkünlüyünü bildirib. Kremlin NATO üzvlərinə hücum planlaşdırdığı barədə iddiaları dəfələrlə təkzib edib. Rusiya Prezidenti Vladimir Putin ötən həftə Moskvanın heç kimə hücum etmək niyyətində olmadığını, lakin təcavüzə məruz qalacağı halda cavab verəcəyini söyləyib.