Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanması və sülh şərtlərinin müzakirəsi məqsədilə gələn ay Birləşmiş Ştatlar və Çin Xalq Respublikasının rəhbərləri ilə üçtərəfli sammitin keçirilməsini təklif edib.Rusiya mediasının “The Wall Street Journal” (WSJ) nəşrinə istinadən yaydığı məlumata görə, bu təşəbbüs barədə məlumat diplomatik mənbələrdən əldə olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiyanın keçmiş kəşfiyyat əməkdaşının verdiyi məlumata əsasən, V.Putin üçtərəfli sammitin təşkili ideyasını oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi telefon danışığı zamanı səsləndirib.
ABŞ administrasiyasının yüksəksəviyyəli rəsmisi Ağ Ev rəhbərinin təklif olunan sammitin keçirilməsinə hələlik rəsmi və yekun razılıq vermədiyini bildirib. Bununla belə, amerikalı rəsminin sözlərinə görə, Birləşmiş Ştatlar Prezidenti seçkiqabağı vədlərinə uyğun olaraq münaqişənin diplomatiya yolu ilə tezliklə nizamlanması niyyətini nəzərə alaraq, bu üçtərəfli görüş təşəbbüsünə adekvat və müsbət yanaşa bilər.
Mənbələrin verdiyi məlumata görə, Moskva tərəfi üçtərəfli sammitin gələn ay Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində təşkil edilməsini təklif edib. Pekin tərəfinin isə Vaşinqtonun razılığı olacağı təqdirdə belə bir formata qarşı çıxmayacağı bildirilir.
Kremldən daxil olan xəbərlərdə liderlər arasında təmasların mümkünlüyü təsdiqlənsə də, görüşün konkret gündəliyi və formalaşdırılması üzrə məsləhətləşmələrin davam etdiyi diqqətə çatdırılıb.