Sabah, yanvarın 20-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı rəsmi proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata əsasən, Bakı və Abşeron yarımadasında hava soyuq keçəcək, vaxtaşırı yağıntı müşahidə olunacaq. Bəzi ərazilərdə yağıntıların intensivləşəcəyi, əsasən sulu qar, nisbətən hündür yerlərdə isə qar şəklində olacağı gözlənilir. Şimal küləyi mülayim əsəcək, arabir güclənə bilər.
Havanın temperaturu gecə və gündüz saatlarında 0–3 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək — təxminən 766 mm civə sütunu səviyyəsində olacaq, nisbi rütubət isə 75–85 faiz arasında dəyişəcək.
Regionlarda da hava şəraiti əsasən yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə sulu qar və qar yağacağı, bəzi ərazilərdə isə yağıntının intensiv və güclü xarakter alacağı ehtimal edilir. Gecə və səhər saatlarında duman müşahidə oluna bilər. Qərb küləyi bəzi rayonlarda arabir güclənəcək.
Temperatur göstəricilərinə gəlincə, gecə saatlarında 2–6 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti qeydə alınacaq. Dağlıq rayonlarda gecə 8–13 dərəcə, yüksək dağlıq ərazilərdə isə 13–18 dərəcə şaxta gözlənilir. Gündüz saatlarında dağlarda temperatur 3–8 dərəcə şaxta olacaq.
Xüsusilə dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var.