ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin (JCS) sədri general Den Keyn ABŞ Prezidenti Donald Trampı İrana qarşı mümkün hərbi əməliyyatların riskləri ilə bağlı xəbərdar edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, general Den Keyn ABŞ-nin sursat ehtiyatlarının məhdudluğu ilə bağlı narahatlığını ifadə edib. O, Trampa və hərbi rəhbərliyə mövcud imkanlarla tapşırıqları yerinə yetirməyin mümkün olduğunu bildirsə də, genişmiqyaslı hərbi əməliyyatların doğura biləcəyi nəticələr barədə xəbərdarlıq edib. Müzakirələr zamanı İranda mümkün hücumlar nəticəsində kütləvi mülki itkilərin baş verməsi ehtimalı da nəzərdən keçirilib.
Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens də İranda müharibənin eskalasiyası ilə bağlı narahatlığını ifadə edib. Donald Tramp isə Ağ Evdə keçirilən iclas zamanı hadisələrin mümkün inkişaf ssenarilərini müzakirə edib.
Qeyd olunub ki, daha əvvəl ABŞ-nin Oman nümayəndə heyətinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı danışıqlar aparmaq məqsədilə Tehrana səfəri fonunda Vaşinqtonun İrana qarşı hərbi zərbələri müvəqqəti dayandırdığı barədə məlumat yayılmışdı.