ABŞ Prezidenti Donald Tramp Ontario gölünün adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp sosial media hesabında ABŞ-nin Nyu-York ştatı ilə Kanadanın Ontario əyaləti arasında yerləşən Ontario gölünün “Amerika gölü” adlandırılmasını ciddi şəkildə nəzərdən keçirdiklərini bildirib.
Tramp bu təşəbbüsü Kanada ilə ticarət münasibətlərinin gələcəyi ilə bağlı narahatlıqları ilə əlaqələndirib.
Bəyanat ABŞ və Kanada arasında ticarət gərginliyinin artdığı bir vaxta təsadüf edib. Ötən həftə iki ölkə arasında keçirilən danışıqlar nəticəsiz başa çatdıqdan sonra Tramp gələn ildən Kanadadan idxal olunan avtomobillər, yük maşınları, avtomobil hissələri və polad məhsullarına gömrük rüsumlarının 50 faizə qaldırılacağını açıqlayıb.
Kanadanın Baş naziri Mark Karni isə Vaşinqtonun yeni tariflərinə qarşı ölkənin işçilərini, fermerlərini və bizneslərini qorumaq üçün qarşılıqlı tədbirlər görüləcəyini bildirib.
Gərginlik siyasi müstəvidə də davam edir. Ontario əyalətinin Baş naziri Duq Ford ABŞ-nin tarif qərarını sərt şəkildə tənqid edib. Tramp isə Fordun açıqlamalarını “lovğalıq” adlandırıb.
ABŞ Prezidenti həmçinin Mark Karnini Kanadada fransız dilinin mövqeyi ilə bağlı manipulyasiyalarda və Kvebeklə bağlı siyasi oyunlarda ittiham edib.
Trampın Ontario gölünün adının dəyişdirilməsi ilə bağlı təklifi onun daha əvvəl Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsi təşəbbüsünü də xatırladıb.