Kolumbiya Prezidenti Qustavo Petro ABŞ lideri Donald Trampla görüşünün 3 fevralda keçiriləcəyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Kolumbiya hökumətinin məlumatına istinadən xəbər verir.
Petro bildirib ki, Nazirlər Kabinetində narkotik qaçaqmalçılığı məsələsi müzakirə olunub və bu mövzu ABŞ və Kolumbiya hökumətləri, eləcə də prezidentlər arasında dialoqun intensivləşməsinə səbəb olub. Onun sözlərinə görə, məhz bu müzakirələr fevralın 3-də Donald Trampla görüşün mümkünlüyünə gətirib çıxarıb.
“Gəlin gözləyək və görək. Bu görüş çox vacibdir, çünki hansı nəticələr verəcəyini müəyyən edəcək”, – deyə Petro Nazirlər Kabinetinin hökumətin "YouTube" kanalında yayımlanan iclasında qeyd edib.
Kolumbiya Prezidenti vurğulayıb ki, onun əsas missiyası ölkədə sosial və iqtisadi sabitliyin təmin olunmasıdır. O, hökumətin ictimai asayişin qorunması və Trampın ritorikasının Kolumbiya əhalisinə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün bütün zəruri addımları atdığını bildirib.