İndi isə biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı deyib.
“Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi”, - Prezident İlham Əliyev əlavə edib.