Suriya hökuməti və kürdlərin rəhbərlik etdiyi "Suriya Demokratik Qüvvələri" (SDF) arasında hərbi birləşmələrin mərhələli şəkildə dövlət strukturuna inteqrasiyasını nəzərdə tutan atəşkəs sazişi imzalanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, razılaşma yanvarın 30-da, Prezident Əhməd əş-Şaranın rəhbərlik etdiyi hökumət qüvvələrinin ölkənin şimal və şərqində geniş əraziləri nəzarətə götürməsindən sonra elan edilib.
Sazişin əsas şərtlərinə görə, şimaldakı cəbhə xətlərindən qüvvələr geri çəkiləcək, Hasekə və Qamışlı şəhərlərinin mərkəzinə isə Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri yerləşdiriləcək.
Sənəddə həmçinin aşağıdakı bəndlər yer alıb:
- SDF tərkibindəki briqadalardan ibarət yeni hərbi diviziyanın yaradılması;
- Kobanidəki qüvvələr üçün Hələb quberniyasına tabe olacaq xüsusi briqadanın formalaşdırılması;
- Kürd idarəetmə institutlarının Suriya dövlət qurumları ilə birləşdirilməsi;
- Bütün sərhəd keçid məntəqələrinin dövlət nəzarətinə verilməsi.
ABŞ-nin vasitəçilik səylərində yaxından iştirak edən elçisi Tom Barrak bu razılaşmanı Suriyanın milli barışıq və birliyi yolunda "tarixi bir mərhələ" kimi qiymətləndirib.
Beynəlxalq Böhran Qrupunun baş müşaviri Noah Bonsey isə qeyd edib ki, bu addım ölkənin şimal-şərqində baş verə biləcək şiddətli hərbi qarşıdurmanın qarşısını alır.
Xatırladaq ki, tərəflər arasında ilk inteqrasiya cəhdi 2025-ci ilin martında baş tutsa da, icra prosesində ciddi irəliləyiş əldə olunmamışdı. Son hərbi əməliyyatlar nəticəsində Dəməşq ölkənin əsas neft yataqları və strateji kənd təsərrüfatı torpaqları üzərində nəzarəti bərpa edib. "Reuters" agentliyinə danışan rəsmi mənbələr sazişin dərhal icra olunmağa başlayacağını bildiriblər.