Polşa Xarici İşlər Nazirliyi Ukraynada davam edən müharibə və Rusiya hakimiyyətinin Polşanı rəsmi olaraq dost olmayan dövlət elan etməsi səbəbindən vətəndaşlarına Rusiyaya səyahət etməkdən çəkinməyi tövsiyə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Rusiyadakı Polşa vətəndaşlarına şəxsi, ailə və ya peşə halları ölkədə qalmalarını tələb etmədiyi təqdirdə, mövcud kommersiya və şəxsi vasitələrlə ərazini tərk etmələri tövsiyə olunur.
Həmçinin vurğulanır ki, Rusiya hakimiyyətinin Sankt-Peterburq və Kalininqraddakı Polşa baş konsulluqlarını bağlamaq qərarı diplomatik və konsulluq personalının azalmasına səbəb olduğundan Rusiyadakı Polşa vətəndaşlarına konsulluq yardımı göstərmək imkanları getdikcə daha çox məhdudlaşır.
Nazirlik xəbərdarlıq edir ki, təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar halında təxliyə xeyli mürəkkəb və ya hətta qeyri-mümkün ola bilər.
Qeyd edək ki, 2024-cü ilin payızında Varşava və Moskva qarşılıqlı olaraq konsulluq ofislərini bağlamağa başlayıblar.