Davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətə cəlb olunub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib.
Qeyd olunub ki, mövcud hava şəraiti fonunda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis naryadları küçə və prospektlərdə fasiləsiz xidmət aparır.
Nəqliyyat vasitələrinin hərəkəti Yol Patrul Xidməti, Post Patrul Xidməti və digər polis əməkdaşları tərəfindən tənzimlənir, sürücülər və piyadalarla profilaktik maarifləndirici tədbirlər həyata keçirilir.
Eyni zamanda, çətin vəziyyətə düşən və ehtiyacı olan vətəndaşlara operativ köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur.
Hazırda küçə və prospektlərdə polisin müşayiəti ilə təhlükəsizlik tədbirləri davam etdirilir.