İran Prezidenti Məsud Pezeşkian Tehran və İslamabad arasındakı münasibətlərin yalnız qonşuluq əlaqələri ilə məhdudlaşmadığını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Pezeşkian Pakistanın yeni səfiri İmran Əhməd Siddiqinin etimadnaməsini qəbul edərkən açıqlama verib.
Bildirilib ki, İran lideri iki ölkə arasındakı əlaqələrin dərin tarixi, mədəni, dini və qardaşlıq bağlarına söykəndiyini vurğulayıb. Pezeşkian İranın Pakistanı etibarlı tərəfdaş və qardaş dövlət hesab etdiyini qeyd edib.
Məlumata görə, prezident Pakistan rəhbərliyinin, xüsusilə Baş nazir Şahbaz Şərifin və hərbi rəhbərliyin regionda gərginliyin azaldılması və sabitliyin təmin olunması istiqamətindəki fəaliyyətlərini yüksək qiymətləndirib. Tehran bu istiqamətdə aparılan təşəbbüsləri və qarşılıqlı məsləhətləşmələri dəstəklədiyini bildirib.
Pezeşkian iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O, daha əvvəl imzalanmış sazişlərin icrasının sürətləndirilməsinə çağırıb.
Öz növbəsində, Pakistan səfiri İmran Əhməd Siddiqi İran-Pakistan münasibətlərini tarixi həmrəyliyin nümunəsi adlandırıb. Diplomat fəaliyyəti dövründə ticarət, investisiya və infrastruktur layihələri üzrə əməkdaşlığın inkişafına çalışacağını bildirib.
Səfir həmçinin regional sülh və sabitliyin qorunması üçün təhlükəsizlik koordinasiyasının vacibliyini vurğulayıb və İslam ölkələrinin xarici müdaxilələrə qarşı daxili birlik və dialoqa üstünlük verməli olduğunu qeyd edib.