ABŞ-nin "Gerald R. Ford" aviadaşıyıcısı və onu müşayiət edən hərbi gəmilər Yaxın Şərqə göndərilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "New York Times" qəzeti Amerika administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda Karib dənizində dislokasiya olunan flaqman gəmisinin heyəti artıq xəbərdarlıq alıb. Gəmi Fars körfəzində olan "Abraham Lincoln" aviadaşıyıcısının zərbə qrupuna qoşulacaq. Qeyd edək ki, bu, bölgədə patrul xidməti göstərən üçüncü ABŞ aviadaşıyıcısı olacaq.
Vaşinqton və Tehran arasında münasibətlərin kəskinləşməsi fonunda bu addım strateji əhəmiyyət kəsb edir. ABŞ Prezidenti Donald Tramp İrandan nüvə silahına sahib olma ehtimalını tamamilə istisna edən yeni saziş tələb edir.
O, əks təqdirdə rəsmi Tehranın daha ağır hərbi zərbələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib. Artıq bir müddət əvvəl Pentaqon rəhbəri Pete Hegseth bölgəyə əlavə hərbi qüvvələrin yerləşdirildiyini bəyan etmişdi.
Ağ Ev İranın uranın zənginləşdirilməsi layihəsini tam dayandırmasını və ballistik raket istehsalına məhdudiyyətlər qoyulmasını istəyir. Ötən həftə Omanda tərəflər arasında keçirilən danışıqlar müsbət qiymətləndirilsə də, İranın XİN rəhbəri Abbas Araqçı ölkəsinin uranı zənginləşdirmə hüququndan geri çəkilməyəcəyini bildirib.
Prezident Donald Tramp isə danışıqların uğursuz olacağı təqdirdə Vaşinqtonun Tehran üçün "çox ağır" olacaq ikinci mərhələyə keçəcəyini bir daha vurğulayıb.