Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin İrana qarşı hərbi əməliyyatını "dünyaya hədiyyə" adlandırıb və Tehranı saziş bağlamağa çağırıb.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, o, bunu brifinqdə çıxış edərkən bəyan edib.
Heqsetin sözlərinə görə, "Epik qəzəb" əməliyyatı ABŞ silahlı qüvvələrinin gücünü nümayiş etdirib.
"Bu cəsarətli və təhlükəli missiya dünyaya hədiyyədir", - o vurğulayıb və ABŞ-nin İranda "qətiyyətli hərbi nəticələr" əldə etdiyini əlavə edib.
Müharibə naziri həmçinin qeyd edib ki, Tehran hazırda mühüm seçim qarşısındadır.
"İranın yaxşı, ağlabatan saziş bağlamaq şansı var", - o bəyan edib.
O, həmçinin deyib ki, zəifləmiş İran silahlı qüvvələri, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu "ölkənin bayrağı altında pirat dəstəsinə çevrilib".
"Onlar təcavüzü şüarlarla ört-basdır edirlər, lakin dünya indi onları olduqları kimi görür. Onlar heç nəyə nəzarət etmirlər. Onların hərəkətləri piratların və terrorçuların yol verdikləri davranışlardır", - Pentaqon rəhbəri əlavə edib.