Ermənistanda qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı mövcud razılaşma mexanizmi ləğv ediləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu mexanizm çərçivəsində əmlakın 25 faizinin saxlanılmasına, qalan 75 faizinin isə dövlətə qaytarılmasına imkan verilirdi.
Baş nazir Nikol Paşinyan jurnalistlərə keçirdiyi brifinqdə bildirib ki, yaxın vaxtlarda bununla bağlı qanunvericiliyə dəyişikliklər təqdim olunacaq.
Paşinyanın sözlərinə görə, mövcud imkan səkkiz il ərzində istifadə edilməyib.
“25 faiz artıq olmayacaq. Bu, olmamalıdır. Biz belə bir imkan yaratmışdıq, lakin səkkiz il ərzində bundan istifadə edilmədi. İndi 100 faizi qaytarmalıdırlar”, – deyə Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, yeni qaydalar çərçivəsində qanunsuz əldə edilmiş əmlakın hamısı müsadirə olunacaq.
O, bunu “qanunsuz əldə edilmiş ayaqqabıdan başlayaraq hər şeyin alınması” kimi ifadə edib.
Paşinyan Ermənistanın ikinci prezidenti Robert Köçəryan və keçmiş maliyyə naziri Qaqik Xaçatryan barəsində açılmış cinayət işlərinə, eləcə də onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə də toxunub.
Baş nazir iş üzrə şəxslərin səhhəti ilə bağlı səsləndirilən problemlərə skeptik yanaşdığını deyib.
Xaçatryanın vəziyyətindən danışan Paşinyan onun səhhəti ilə bağlı vəziyyəti “simulyasiya etdiyini” iddia edib və məhkəmə prosesi başa çatdıqdan sonra onun “gedə, hətta qaça biləcəyini” söyləyib.