Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yolu şəbəkəsinin idarə olunması sahəsində Rusiya tərəfi ilə yaranmış məsələlərin tənzimlənməsi məqsədilə xüsusi birgə işçi qrupunun yaradılması haqqında rəsmi qərar imzalayıb. Sənəd hökumətin rəsmi internet səhifəsində dərc olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yaradılan işçi qrupu “Cənubi Qafqaz Dəmir Yolu” (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) konsessiya sazişinin səmərəliliyini qiymətləndirəcək, mövcud texniki-iqtisadi problemləri müzakirə edəcək və qarşıdakı dövr üçün alternativ həll yollarını müəyyənləşdirəcək. Qrupa qanunvericiliyə uyğun olaraq 3 aylıq fəaliyyət müddəti verilib.
Oktyabrın 14-də İrəvanda Baş nazir N.Paşinyan ilə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozerov arasında baş tutan danışıqların nəticəsi olaraq təsis edilən nümayəndə heyətinə tərəflərdən yüksəkvəzifəli şəxslər daxil ediliblər.
Ermənistan tərəfdən qrupa ərazi idarəetməsi və infrastrukturlar nazirinin müavini David İvanyan rəhbərlik edəcək. Komissiyanın tərkibinə həmçinin Dəmir yolu və su nəqliyyatı siyasəti idarəsinin rəhbəri Artak Papyan, xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Mnasakan Safaryan, eləcə də maliyyə nazirinin müavini Edgar Mkrtçyan daxildirlər.
Rusiya Federasiyasını isə işçi qrupunda nəqliyyat nazirinin müavini Aleksey Şilo, “Rusiya Dəmir Yolları”nın baş direktorunun müavini Vyaçeslav Pavlovski, şirkətin xarici layihələr və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anton Kozlov və “Cənubi Qafqaz Dəmir Yolu” ASC-nin baş direktoru Aleksey Melnikov təmsil edəcəklər.