İyulun 21-də Azərbaycan tərəfi Ermənistanı COP29 iqlim sammitinə dəvət etdiyini açıqladı.
Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə bildirdi ki, COP29-un prezidenti Muxtar Babayev Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib.
Paşinyan və ya Ermənistanın nümayəndə heyəti Bakıya gələcək? Paşinyanın Bakıya gəlməsi və ya gəlməməsi nəyi dəyişdirəcək? Bu sülh müqaviləsinə təsir göstərəcək?
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən hərbi-siyasi ekspert Azad İsazadənin sözlərinə görə, bu mövzu 2 yerə ayrılır - konkret olaraq Paşinyanın Azərbaycana gəlməsi və Ermənistan nümayəndələrinin Bakıya gəlməsi:
“Ermənistanın nümayəndələri onsuzda Bakıya gəlirdi. Bu 2020-ci ildən əvvəl də olub. Hansısa iclaslarda və ya tədbirlərdə Ermənistan nümayəndələri iştirak edirdi. Bu proses normaldır. COP-u keçirən dövlət digər hökumət nümayəndələrini dəvət etməlidir. Konkret Paşinyanın gəlməsi isə onu göstərəcək ki, Azərbaycan ilə Ermənistan arasında hazırlanan sülh müqaviləsində mühüm problemlər həll olunub, sadəcə hansısa texniki problemlər həll edilir”.
Ekspertin sözlərinə görə, bu, həmdə onu sübut edəcək ki, Ermənistan ilə Azərbaycan arasında hansısa mühüm bir problem qalmayıb. Paşinyan Azərbaycana gəlsə, diplomatik əlaqələri də bərpa etmək mümkün ola bilər. Elə Paşinyanın özü də bəyan etmişdi ki, payıza qədər müqavilə imzalanmalıdır. Bəlkə də Paşinyan müqavilənin imzalanması ilə COP29-da iştirakını bir-birinə bağlayırdı:
“Amma söhbət konkret bir tarixdən getməməlidir. Çünki sülh müqaviləsində hələ həll olunmayan məsələlər qalıb. Paşinyan bunu bəyan etməklə istəyirdi ki, Azərbaycanı da tələsdirsin. Amma Azərbaycanın Ermənistana qoyduğu şərt hələ də keçərlidir. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitutsiyasında Azərbaycana qarşı olan ərazi iddiaları ləğv olunmalıdır”.

A.İsazadə deyir ki, paralel versiyalar səsləndirilir ki, sülh müqaviləsi yox, ortaq razılaşma sazişi imzalansın. Hansısa çərçivə sənəd hazırlansın ki, bu çərçivə sənədə uyğun sülh müqaviləsi hazırlansın. Amma hələ ki, bununla bağlı rəsmi heç bir məlumat yoxdur. Bəlkə də qapalı danışıqlar gedir. Rəsmi məlumatlara istinadən isə demək olar ki, COP29-a qədər sülh müqaviləsi imzalanmayacaq və Paşinyan Bakıya gəlməyəcək. Amma noyabra qədər xeyli vaxt var. Hadisələr bəzən elə sürətlə dəyişir ki, indidən nəyisə müəyyən etmək çətindir.
Mədinə Useynova
