Ermənistanın Baş naziri Nikol Paşinyan 2029-cu ildən Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılmasına ümid etdiyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, o, bunu İrəvanda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə brifinqdə bəyan edib.
"Mən demişdim ki, bizim vəzifəmiz buna iki il ərzində nail olmaqdır. Ümid edirəm ki, 2029-cu ildən bu, mümkün olacaq", - N.Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan və Aİ bu istiqamətdə sıx şəkildə işləyir.
Öz növbəsində, fon der Lyayen qeyd edib ki, viza rejiminin liberallaşdırılması bir sıra zəruri islahatların həyata keçirilməsi şərti ilə baş tuta biləcək bir prosesdir.
"Yeni qiymətləndirmə missiyaları olacaq, bu payız qalan nəzarət göstəriciləri istiqamətində prosesləri qiymətləndirmək üçün yeni missiya gələcək. Bütün zəruri şərtlər yerinə yetirildikdən sonra biz vizasız rejimə keçə biləcəyik. Bunun üçün yalnız bəzi islahatlar lazımdır və onlar başa çatdıqda, siz finiş xəttini keçəcəksiniz", - o, Ermənistanın bu istiqamətdə irəliləyiş əldə etdiyini qeyd edib.