Rusiyanın Ermənistan dəmir yolları üzrə konsessiya hüququnu üçüncü ölkəyə verməsi İrəvan üçün ən yaxşı variantdır.
“Operativ Məlumat Mərkəzi-OMM” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən brifinqdə Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə baş tutmuş görüşünü şərh edərkən bildirib.
"Dəmir yolları məsələsini müzakirə etdik. Bu məsələnin öz həllini tapması ilə bağlı qarşılıqlı anlaşma var. Mövcud vəziyyət uzun müddət davam edə bilməz və qərarlar qəbul etmək lazımdır", - Paşinyan söyləyib.
Onun sözlərinə görə, Ermənistan və Rusiya məsələnin həlli yollarından birinin konsessiya hüququnun hər iki ölkə üçün məqbul olan üçüncü ölkəyə satılması olduğunu başa düşür.
"Bu, ən yaxşı qərardır. Digər variantlar mənim üçün qeyri-realdır", - deyə Paşinyan əlavə edib.