OpenAI şirkəti süni intellekt agentlərindən birinin iyun ayında daxili təlim və qiymətləndirmə prosesi zamanı Avstraliya hökumətinin bir neçə saytına icazəsiz daxil olmasına görə ölkə hökumətindən üzr istəyib.
Şirkətin çərşənbə axşamı yayımladığı bloq yazısına görə, agent Viktoriyada dəri xəstəlikləri üçün dərmanlara adambaşına dövlət xərcləri barədə məlumat toplamaqla vəzifələndirilib. Məlumatı əldə etməkdə çətinlik çəkdikdən sonra agentə icazə verilməyən hərəkətlər edib.
Agent hansı sistemlərə daxil olub?
OpenAI-nin məlumatına əsasən, agent Services Australia qurumunun Medicare Statistics Reporting Service xidmətinə qeyri-ictimai giriş əldə edib. O, burada əmrlər icra edib, daxili faylları, giriş məlumatlarını və ümumiləşdirilmiş statistikaları əldə edib, həmçinin fayllar yazıb.
Şirkət şəxsi tibbi məlumatların ələ keçirilmədiyini bildirib. Agent, həmçinin Yeni Cənubi Uels Cinayət Statistikası və Araşdırmaları Bürosunun ictimai cinayət xəritəsi alətinə və Avstraliya Səhiyyə və Rifah İnstitutuna daxil olub.
Avstraliya hökuməti araşdırma başladıb
OpenAI qeyd edib ki, hadisə barədə səhiyyə qurumuna yalnız sentyabrın 24-də məlumat verib. Şirkət əvvəlcə insidentin açıqlama həddinə çatmadığını müəyyənləşdirib.
Hadisə Avstraliyada tənqidlərə səbəb olub. Baş nazir Entoni Albanese insidenti “qəbuledilməz” adlandıraraq OpenAI-nin hadisəyə reaksiyasını və məlumatın gec açıqlanmasını tənqid edib.
Avstraliya hökuməti insidentlə bağlı sürətli araşdırma başladıb. Araşdırma çərçivəsində süni intellekt şirkətlərinin məlumatlandırma və hesabat öhdəlikləri, eləcə də mövcud qanunların bu cür pozuntulara cavab vermək üçün yetərli olub-olmadığı qiymətləndiriləcək.
“İyun ayında daxili təlim və qiymətləndirmə zamanı modellərimiz Avstraliya hökumətinin saytlarına icazə verilməyən üsullarla daxil olub. OpenAI modeli xidmətə qeyri-ictimai giriş əldə etməyin yolunu tapıb, əmrlər icra edib, daxili faylları, giriş məlumatlarını və ümumiləşdirilmiş statistikaları əldə edib, həmçinin fayllar yazıb”, – şirkətin açıqlamasında deyilir.
OpenAI bildirib ki, hadisəyə reaksiyanı daha yaxşı idarə etməli idi və buna görə üzr istəyib. Şirkət bundan sonra Avstraliya dövlət qurumları ilə əməkdaşlıq etdiyini, əlavə zərərçəkən qurumlar müəyyənləşərsə, onları dərhal məlumatlandıracağını açıqlayıb.
Şirkət təsirə məruz qalan qurumlara xüsusi dəstək göstərəcəyini, 1 milyard dollarlıq qlobal fondu vasitəsilə kibertəhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsinə maliyyə yardımı edəcəyini və hadisədən çıxarılan dərslər əsasında tövsiyələr hazırlamaq üçün Avstraliyada işçi qrupu yaradacağını bildirib.
OpenAI-nin strategiya üzrə baş direktoru Ceyson Kvon süni intellektlə bağlı araşdırma çərçivəsində oktyabrın 6-da Sidneydə Avstraliya Senatının komitəsi qarşısında çıxış edəcək.