Livanın cənubunda hərbi əməliyyatların yenidən intensivləşməsi nəticəsində yüzlərlə ailə yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, BMT-nin Cenevrə Ofisində keçirilən həftəlik mətbuat konfransında çıxış edən qurumun nümayəndəsi Baloch ölkədəki humanitar vəziyyətin kritik olaraq qaldığını bildirib.
Onun sözlərinə görə, aylarla davam edən hərbi əməliyyatlardan sonra bir çox insan öz yaşayış məntəqələrinə qayıtmağa çalışsa da, dağılmış evlər və sıradan çıxmış infrastruktur ciddi problemlər yaradır.
Mövcud atəşkəs razılaşmalarına baxmayaraq, İsrail ordusunun həftə sonu Livanın cənubuna endirdiyi yeni hava zərbələrinin vəziyyəti daha da gərginləşdirdiyi bildirilir.
Hücumlar nəticəsində yüzlərlə ailə təhlükəsizlik məqsədilə şimala doğru hərəkət edib və ölkədə yeni məcburi köç dalğası yaranıb.
Hazırda təxminən 860 min nəfərin öz yaşayış yerlərinə qayıtdığı, 360 minə yaxın şəxsin isə hələ də köçkün vəziyyətində qaldığı bildirilir.
BMT nümayəndəsi bildirib ki, toqquşmaların intensivliyi azalsa da, hava zərbələri mülki əhali üçün ciddi təhlükə olaraq qalır.
Xüsusilə hərbi fəaliyyətlər, hərəkət məhdudiyyətləri və müharibədən qalan partlayıcı maddələr Livanın cənubu və Bekaa bölgəsində yaşayan insanların təhlükəsizliyinə ciddi risk yaradır. Bu vəziyyət əhalinin normal həyata qayıtmasını və bölgədə dayanıqlı həllərin formalaşmasını çətinləşdirir.
BMT beynəlxalq ictimaiyyəti Livana humanitar yardımların artırılmasına çağırıb. Məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2026-cı il üçün tələb etdiyi 472,3 milyon dollarlıq vəsaitin yalnız 24 faizi maliyyələşdirilib.
Qeyd edək ki, İsrail ordusunun martın 2-dən etibarən Livana qarşı intensiv hava hücumları nəticəsində 4 mindən çox insanın öldüyü, 12 mindən çox şəxsin yaralandığı bildirilir.
Livan hökumətinin məlumatına görə, münaqişənin ən şiddətli mərhələsində ölkə daxilində didərgin düşənlərin sayı 1 milyonu ötüb.
Aprelin 17-də qüvvəyə minən atəşkəs rejimi bir neçə dəfə uzadılsa da, davam edən hərbi zərbələr Livanda sabitliyin tam bərqərar olmasına və insanların təhlükəsiz şəkildə evlərinə qayıtmasına mane olur.