Oman hökuməti strateji əhəmiyyətə malik Hörmüz boğazıdə gəmiçiliyin bərpası və təhlükəsiz naviqasiyanın təmin olunması istiqamətində yeni qərar qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəsmi açıqlamada bölgədəki gərginlik fonunda gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvəqqəti dəniz marşrutlarının istifadəyə verildiyi bildirilib.
Məlumata görə, yeni qaydalar çərçivəsində mövcud gəmiçilik zolağının şimal və cənub hissələrində iki alternativ marşrut müəyyən edilib. Qərarın Beynəlxalq Dəniz Təşkilatı ilə koordinasiyalı şəkildə qəbul olunduğu qeyd olunub.
Bildirilib ki, yeni sistemin məqsədi aylardır davam edən regional gərginlik səbəbindən yaranmış naviqasiya qeyri-müəyyənliyini aradan qaldırmaq və gəmilərin təhlükəsiz şəkildə hərəkətini təmin etməkdir. Qaydalara əsasən, Körfəzdən çıxan gəmilər xüsusi nəzarət altında olan dəhlizlərə yönləndiriləcək, qruplar halında hərəkət edəcək və onlara marşrutla bağlı operativ təlimatlar veriləcək.
Qeyd olunub ki, ABŞ və regionla bağlı diplomatik açıqlamalar fonunda boğazdan keçidlə bağlı iqtisadi və təhlükəsizlik məsələləri də diqqət mərkəzində saxlanılır. ABŞ Xəzinədarlığının rəsmi mövqeyinə istinadən bəzi potensial rüsum mexanizmlərinin tətbiqinə qarşı xəbərdarlıqlar edildiyi bildirilir.
Məlumata əsasən, İran və Oman arasında gələcək naviqasiya qaydaları və mümkün xidmət haqları ilə bağlı müzakirələr davam etdirilir. Oman hökuməti isə hazırkı mərhələdə gəmilərdən heç bir ödəniş tələb olunmadığını və prioritetin təhlükəsizlik olduğunu vurğulayıb.