Oman dövləti İranın Fars körfəzi ölkələrində, xüsusilə Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki qlobal enerji obyektlərinə etdiyi son hücumları sərt şəkildə qınayıb.
Bu barədə məlumatı “Operativ Məlumat Mərkəzi-OMM” Omanın informasiya agentliyinə istinadən xəbər verir.
Rəsmi bəyanatda qeyd olunur: "Oman beynəlxalq qanunlara və normalara riayət edilməsinin zəruriliyini, mülki obyektlərə və qlobal enerji infrastrukturu obyektlərinə zərbələrin endirilməsinin yolverilməzliyini təsdiqləyir. Həmçinin, öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün qanuni tədbirlər görən bu dövlətlərlə həmrəy olduğunu bildirir".
Qeyd edək ki, ötən gün ABŞ və İsrail qoşunları İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasına, eləcə də dünyanın ən böyük qaz yatağı olan "Cənubi Pars" obyektlərinə zərbələr endiriblər. Xatırladaq ki, ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı hərbi əməliyyata başlayıb və nəticədə İranın ali lideri ayətullah Əli Xamenei daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər ölüb. Buna cavab olaraq İran hazırda İsrailə, eləcə də ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki obyektlərə zərbələr endirir.