Qlobal striminq nəhəngi “Netflix” şirkəti kadr strukturunun optimallaşdırılması çərçivəsində təxminən 1000 əməkdaşını işdən çıxarmağı planlaşdırır. Kompaniyanın həmsədrləri Ted Sarandos (Ted Sarandos) və Qreq Peters (Greg Peters) şirkət heyətinə ünvanladıqları rəsmi elektron məktubda ixtisarların əsasən insan resursları, hüquq, məhsulun inkişafı və texnologiya departamentlərini əhatə edəcəyini bəyan ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şirkət rəhbərliyi “Netflix”in qlobal əyləncə bazarındakı iddialı missiyasını vurğulayaraq, strateji hədəflərə çatmaq üçün insan kapitalının və resursların bölüşdürülməsində daha intizamlı və səmərəli idarəetmə modelinə keçidin zəruri olduğunu bildirib. İxtisara düşəcək əməkdaşların yaxın vaxtlarda rəsmi qaydada bilgiləndiriləcəyi açıqlanıb.
Bu addım media və əyləncə sektorunda konsolidasiya (birləşmə) trendlərinin sürətləndiyi, eyni zamanda “YouTube” və “TikTok” kimi rəqəmsal platformaların auditoriya diqqəti uğrunda rəqabəti kəskinləşdirdiyi bir dövrə təsadüf edir. Proses xüsusilə “Paramount” konsor Evil unun “HBO” brendinin sahibi “Warner Bros” korporasiyası ilə 110 milyard dollarlıq iri sövdələşməsindən sonra daha da intensivləşib.
Ötən ay “Bloomberg Screentime” sammitində çıxış edən Ted Sarandos platformanın arzulanan artım templərini tam nümayiş etdirə bilmədiyini etiraf etmişdi. “Netflix”in də “Warner Bros” aktivlərinin əldə olunması üzrə danışıqlar apardığı, lakin maliyyə şərtlərinə görə “Paramount”un təklifindən geridə qaldığı bildirilir.
Maliyyə analitikləri və investorlar “Netflix”də istifadəçi fəallığı göstəricilərini diqqətlə izləyirlər. Şirkət gəlir mənbələrini şaxələndirmək məqsədilə videooyunlar sektoruna daxil olub və reklam dəstəkli abunəlik paketlərini tətbiq etməyə başlayıb.
Aparıcı analitik Ross Benes (Ross Benes) vurğulayır ki, “Netflix” hələlik abunəlik haqqından kənar iri maliyyə mənbəyi formalaşdıra bilməyib və artıq doyma həddinə çatmaqda olan ənənəvi abunə modelindən asılı olaraq qalır. Benesin fikrincə, əsas çətinlik məhz abunə gəlirlərinin tavan həddinə yaxınlaşması fonunda yeni monetizasiya kanallarının yaradılmasıdır.
“Netflix”in üçüncü rüb üzrə maliyyə hesabatını oktyabrın 20-də açıqlayacağı gözlənilir. Qeyd edək ki, kompaniya sonuncu analoji kütləvi ixtisarı 2022-ci ildə — son on ildə ilk dəfə abunəçi itkisi qeydə alındıqdan sonra həyata keçirmiş və təxminən 450 əməkdaşı ilə yollarını ayırmışdı.