İsrail ABŞ-İran razılaşmasının Livanla bağlı müddəalarından narahatdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ və İran arasında aparılan diplomatik danışıqlarda Livandakı vəziyyət əsas mövzulardan birinə çevrilib.
Məlumata görə, Tehran bölgədəki əsas müttəfiqi olan "Hizbullah"a dəstəyin davam etdirilməsi ilə bağlı mövqeyini danışıqlar prosesinə daxil etməyə nail olub.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla diplomatik prosesin irəliləməsi naminə İsrailin Livan ərazisində həyata keçirdiyi hərbi əməliyyatlara müəyyən məhdudiyyətlərin qoyulmasını zəruri hesab edir.
Məlumata görə, İsrailli rəsmilər yeni tənzimləmələrin son aylarda ABŞ və İsrail tərəfindən "Hizbullah"ın zəiflədilməsi və İranın Livan üzərindəki təsirinin azaldılması istiqamətində görülən tədbirləri nəticəsiz qoya biləcəyindən ehtiyat edirlər. Onlar həmçinin İsrailin gələcəkdə Livan ərazisində keçirəcəyi mümkün hərbi əməliyyatlara görə Vaşinqtonun sərt reaksiyası ilə üzləşə biləcəyindən narahatdırlar.
Qeyd olunub ki, ABŞ və İran arasında əldə olunan razılaşma tərəflərin və onların müttəfiqlərinin bütün düşmənçilik fəaliyyətlərinə son qoymasını nəzərdə tutur. Razılaşma Livanı da əhatə edir və ölkənin ərazi bütövlüyü ilə suverenliyinin qorunmasını prioritet kimi müəyyənləşdirir. Bu çərçivədə İsrailin cənubi Livandakı hərbi mövcudluğu suverenliyə maneə kimi qiymətləndirilir.
Bildirilib ki, İsrail tərəfi yeni mexanizmin 2024-cü ildə Binyamin Netanyahu hökuməti ilə Co Bayden administrasiyası arasında əldə olunmuş və daha sonra Tramp komandası tərəfindən dəstəklənmiş razılaşmaları zəiflədəcəyini düşünür. Əvvəlki atəşkəs mexanizmində İsrail, Livan, ABŞ və Fransa iştirak etdiyi halda, yeni strukturda İsrail birbaşa tərəf kimi yer almır və prosesə İran daxil edilir.
Məlumata görə, "Axios"a danışan israilli rəsmi Benyamin Netanyahunun ABŞ-İran razılaşmasının nüvə aspektindən narahat olsa da, hazırda əsas diqqətini Livanla bağlı müddəalara yönəltdiyini bildirib. Qeyd olunub ki, Netanyahu müttəfiqi Ron Dermerdən Tramp komandası ilə əlaqələrindən istifadə edərək ABŞ-İran danışıqlarına təsir göstərməsini istəyib.