Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hikmət Babaoğlu nəqliyyat ekspedisiyası haqqında qanun layihəsinə münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o vurğulayıb ki, qanun layihəsi hazırda yükdaşıma və ekspedisiya məsələlərinin bir hissəsini əhatə edir, lakin gələcəkdə yaranacaq tələbat və iqtisadi münasibətlər nəzərə alınaraq yeni qanunlar qəbul ediləcək.
Deputat qanunun vacib olduğunu qeyd edərək iki təklif irəli sürüb. Birinci təklifdə “logistik performans” anlayışının əvəzinə “logistik hazırlıq” ifadəsinin işlədilməsinin daha doğru olacağını bildirib. Babaoğlu qeyd edib ki, performans fərdi nailiyyət və müvəffəqiyyət dərəcəsini ifadə edir, amma logistika sistem kimi fəaliyyət göstərdiyindən, bu anlayışın “hazırlıq və keyfiyyət” kimi təqdim olunması məqsədəuyğundur.
İkinci təklifdə deputat qanunda istifadə olunan “nəqliyyat ekspedisiyası” ifadəsinə toxunub. Onun sözlərinə görə, ekspedisiya müxtəlif sahələrdə fərqli mənalar kəsb edir – məsələn, elmi və ya arxeoloji ekspedisiya. Nəqliyyat sahəsində isə söhbət əsasən yükdaşımadan gedir. Babaoğlu bildirib ki, qanunun digər bəndlərində ekspedisiya yerinə “yükdaşıma” ifadəsi istifadə olunur və bütün hallarda bu terminoloji dəqiqliyin qorunması dilimizin tələblərinə uyğun olar.
Mehman Mirzəzadə