Hörmüz boğazının blokadaya alınması təhlükəsi qlobal bazarlarda ciddi dalğalanma yaradıb. ABŞ Hərbi-Dəniz Qüvvələrinin bu hazırlığı fonunda neftin qiymətləri 7 %-dən çox artaraq bir barel üçün 100 ABŞ dollarını ötüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı "Dawn" agentliyi yayıb. Qeyd olunub ki, bu addım rəsmi Vaşinqton və Tehranın münaqişənin dayandırılması ilə bağlı razılığa gələ bilməməsi ilə əlaqədardır. Nəticədə, İran neftinin ixracı ciddi şəkildə məhdudlaşa bilər.
Bazar göstəricilərinə əsasən, "Brent" markalı neftin bir barelinin qiyməti 6,96 ABŞ dolları (7,3 %) artaraq 102,16 ABŞ dollarına yüksəlib. Xatırladaq ki, aprelin 10-da bu markada 0,75 % ucuzlaşma qeydə alınmışdı.
Eyni tendensiya Amerika neftində də müşahidə olunur. ABŞ-nin "WTI" markalı neftinin bir bareli əvvəlki sessiyadakı 1,33 % ucuzlaşmadan sonra kəskin bahalaşıb. Qiymət 8,12 ABŞ dolları (8,4 %) artaraq 104,69 ABŞ dollarına çatıb.