"Hörmüz boğazındakı gərginlik səbəbindən neft ticarətində ödənişlər tədricən ənənəvi dollar əməliyyatlarından yuanla hesablaşmalara keçir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.
Siluanov bildirib ki, son illərdə baş verən geosiyasi hadisələr ölkələri daha etibarlı ödəniş mexanizmləri axtarmağa vadar edir.
Nazirin sözlərinə görə, milli valyutalar bu baxımdan daha üstün görünür və xüsusilə Çin neft alışlarında yuanın istifadəsini artırır.
O qeyd edib ki, siyasi təzyiqlərlə üzləşən digər ölkələr də yuanla ticarətə maraq göstərirlər.
Siluanov həmçinin Yaxın Şərqdəki münaqişənin qlobal enerji bazarında ciddi risklər yaratdığını vurğulayıb.
Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması dünya neft təchizatının təxminən beşdə birinin və mayeləşdirilmiş təbii qazın mühüm hissəsinin bazardan çıxmasına səbəb olub.
Rusiya rəsmisi əlavə edib ki, baş verən hadisələr gübrə və ərzaq qiymətlərinin artmasına da təsir göstərib.
O bildirib ki, xüsusilə Asiya və Avropadakı enerji idxalçısı ölkələr, eləcə də ərzaq bahalaşmasına qarşı həssas olan Afrika dövlətləri vəziyyətdən daha çox zərər görür.