Belçika Statistika İdarəsinin ("Statbel") açıqladığı rəsmi məlumatlara əsasən, 1 yanvar 2026-cı il tarixinə ölkə əhalisinin ümumi sayı 11 milyon 867 min 634 nəfərə çatıb. Ötən illə müqayisədə ölkə əhalisi 42 min 83 nəfər artaraq, illik artım tempi 0,36 faiz təşkil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paytaxt Brüsseldə vəziyyət fərqli xarakter daşıyır.
1 yanvar 2025-ci ildə 1 milyon 255 min 795 nəfər olan əhali sayı, 2026-cı ilin əvvəlinə cəmi 39 nəfər artaraq 1 milyon 255 min 834 nəfərə çatıb. Bu göstərici paytaxtda 2025-ci il ərzində əhali artımı baxımından ciddi durğunluq yaşandığını sübut edir.
Ölkə üzrə əhali artımının əsas hərəkətverici qüvvəsi beynəlxalq miqrasiya olub. 2025-ci ildə Belçikada ölüm hallarının doğum sayını üstələməsi nəticəsində təbii artım mənfi göstərici ilə nəticələnib. Lakin 47 min 562 nəfərlik beynəlxalq miqrasiya balansı ümumi əhali sayının artmasına imkan verib.
Bölgələr üzrə statistikaya nəzər saldıqda aşağıdakı mənzərə yaranır:
- Flaman Bölgəsi: Ən yüksək artım tempi – 0,49 faiz.
- Valon Bölgəsi: Əhali sayı 0,23 faiz artıb.
Bundan əlavə, ölkədə yaşlanma prosesi davam edir. 1 yanvar 2026-cı il tarixinə olan məlumata görə, Belçika əhalisinin 20,67 faizini 65 yaş və yuxarı olan şəxslər təşkil edir.